fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Fəlsəfənin dəyəri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on beşinci fəslinin birinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

15-ci fəsil I hissə

Fəlsəfənin problemləri ilə bağlı qısa və çox natamam icmalımızın sonuna çatdıqdan sonra, indi yekunda fəlsəfənin dəyərinin nə olduğunu və onun nə üçün öyrənilməli olduğunu nəzərdən keçirmək yaxşı olardı. Bu sualı nəzərdən keçirmək həm də ona görə zəruridir ki, elmin və ya praktiki işlərin təsiri altında olan bir çox insan fəlsəfənin ziyansız, lakin faydasız xırdaçılıqdan və biliyin mümkün olmadığı mövzular haqqında mübahisələrdən fərqli bir şey olmadığını düşünməyə meyl edir.

Fəlsəfəyə bu baxış qismən həyatın sonu, qismən də fəlsəfənin nail olmağa çalışdığı fəzilətlərin növü haqqındakı yanlış konsepsiyalardan irəli gəlir. İxtiralarına görə fizika elmi ondan tamamilə xəbərsiz olan saysız-hesabsız insanlara faydalıdır; ona görə də fizika elminin öyrənilməsi yalnız və ya ilk növbədə tələbəyə təsirinə görə deyil, ümumilikdə bəşəriyyətə təsirinə görə tövsiyə ediləndir. Belə faydalılıq fəlsəfəyə aid deyil. Əgər fəlsəfənin öyrənilməsi fəlsəfə tələbələri xaric, başqaları üçün hansısa bir dəyərə malikdirsə, bu, onu öyrənənlərin həyatına dolayı yolla təsiri ilə olmalıdır. Ona görə də fəlsəfənin dəyərini ilk növbədə bu təsirlərdə axtarmaq lazımdır.

Lakin bundan əlavə, fəlsəfənin dəyərini müəyyən etmək cəhdimizdə uğursuzluğa düçar olmamaq istəyiriksə, ilk növbədə zehnimizi səhvən “praktik” adlandırdığımız adamların önyarğılarından azad etməliyik. Tez-tez deyildiyi kimi, “praktik” adam yalnız maddi ehtiyaclarını, bədən üçün qidanın lazım olduğunu düşünən adamdır; lakin o, ruhu qida ilə təmin etmək zərurəti barədə unutqandır. Əgər bütün insanlar rifah halında yaşasaydılar, yoxsulluq və xəstəliklər mümkün olan ən aşağı səviyyəyə endirilsəydi, yenə də, dəyərli bir cəmiyyət yaratmaq üçün hələ görüləsi çox iş qalmış olardı; hətta mövcud dünyada belə zehni dəyərlər ən azı maddi dəyərlər qədər vacibdir. Fəlsəfənin dəyərini yalnız zehni dəyərlər arasında axtarmaq lazımdır; və yalnız həmin dəyərlərə biganə olmayanları inandırmaq olar ki, fəlsəfənin öyrənilməsi vaxt itkisi deyil.

Fəlsəfə, bütün digər araşdırmalar kimi, ilk növbədə biliyə can atır. Onun can atdığı bilik elmlər toplusuna vəhdət və sistem verən bilik növüdür; belə bilik növü əqidə, önyarğı və inamlarımızın əsaslarının tənqidi nəticəsində yaranır. Lakin fəlsəfənin öz suallarına dəqiq cavablar vermək cəhdlərində çox böyük uğur qazandığını iddia etmək olmaz. Bir riyaziyyatçıdan, mineraloqdan, tarixçidən və ya hər hansı digər elm adamından onun elminin hansı həqiqətlər toplusunu müəyyən etdiyini soruşsanız, cavabı siz dinləmək istədiyiniz müddətcə davam edəcək. Amma eyni sualı filosofa versəniz, səmimidirsə, etiraf etməli olacaq ki, onun tədqiqatı başqa elmlərin əldə etdiyi müsbət nəticələrə nail olmayıb. Doğrudur, bu, qismən onunla izah olunur ki, hər hansı bir mövzuya aid müəyyən bilik əldə edilən kimi həmin mövzu artıq fəlsəfəyə aid edilmir və o, ayrıca bir elmə aid edilməyə başlanır. İndi astronomiyaya aid olan bütün səmanın tədqiqi bir vaxtlar fəlsəfəyə aid idi; Nyutonun böyük əsəri “Təbiət fəlsəfəsinin riyazi prinsipləri” adlanırdı. Eynilə, fəlsəfənin bir hissəsi olan insan şüurunun tədqiqi də indi fəlsəfədən ayrılaraq psixologiya elminin sahəsinə çevrilmişdir. Beləliklə, fəlsəfənin qeyri-müəyyənliyi böyük ölçüdə görüntüdür, nəinki gerçək: onsuz da dəqiq cavabı mümkün olan suallar elmlər tərəfindən qoyulur, geriyə isə heç bir dəqiq cavab verilə bilməyən suallar qalır ki, bu da fəlsəfə adlanan qalığı əmələ gətirir.

Lakin bu, fəlsəfənin qeyri-müəyyənliyi ilə bağlı həqiqətin yalnız bir hissəsidir. Arasında mənəvi həyatımız üçün ən böyük maraq kəsb edənləri də daxil olmaqla, çoxlu suallar var ki, gördüyümüz qədərilə insan ağlı indikindən tamamilə fərqli bir gücə malik olmayınca həllolunmaz olaraq qalmalıdır. Kainatın vahid plan və ya məqsədi varmı, yoxsa o, atomların təsadüfi birləşməsidir? Şüur kainatın əbədi bir hissəsidirmi ki, ağılın qeyri-müəyyən dərəcədə böyüməsinə ümid edək? Yoxsa o, həyatın sonunda qeyri-mümkün olacağı kiçik bir planetdə keçici bir təsadüfdür? Xeyir və şərin kainat üçün mənası var, yoxsa təkcə insan üçün? Belə suallar fəlsəfə tərəfindən qoyulur və müxtəlif filosoflar tərəfindən müxtəlif cür cavablandırılır. Lakin görünür ki, cavablar başqa cür aşkar olub-olmasa da, fəlsəfənin təklif etdiyi cavabların heç biri aşkar şəkildə doğru deyil. Buna baxmayaraq, cavab tapmağa ümid nə qədər kiçik olsa da, belə sualları nəzərdən keçirməyə davam etmək, onların əhəmiyyətini bizə izah etmək, onlara olan bütün yanaşmaları araşdırmaq və dəqiq biliklərə limitlənməklə söndürülə bilən bu spekulyativ marağı qoruyub saxlamaq fəlsəfənin işinin bir hissəsidir.

Doğrudur, bir çox filosof hesab edirdi ki, fəlsəfə bu cür fundamental suallara müəyyən doğru cavablar verə bilər. Onlar inanırdı ki, ən mühüm dini inancların doğruluğu ciddi şəkildə sübut edilə bilər. Bu cür cəhdləri dəyərləndirmək üçün insan biliklərini araşdırmaq, onun üsulları və məhdudiyyətləri barədə fikir formalaşdırmaq lazımdır. Belə bir məsələyə ehkamçı yanaşmaq ağılsızlıq olardı; lakin əvvəlki fəsillərimizin araşdırmaları bizi yolumuzdan azdırmayıbsa, dini inanclara fəlsəfi sübutlar tapmaq ümidindən əl çəkməyə məcbur olacağıq. Buna görə də bu kimi suallara hər hansı müəyyən cavablar toplusunu fəlsəfənin dəyərinə aid edə bilmərik. Beləliklə, bir daha qeyd edək ki, fəlsəfənin dəyəri onu öyrənənlərin əldə etdiyi hər hansı dəqiq müəyyən olunmuş biliklər məcmusundan asılı olmamalıdır.

Fəlsəfənin dəyərini, əslində, əsasən onun qeyri-qətiliyində axtarmaq lazımdır. Fəlsəfi təfəkkürə malik olmayan insan sağlam düşüncədən, yaşına və ya millətinə aid adəti fikirlərdən qaynaqlanan önyarğılara və refleksiyasız olaraq zehnində formalaşmış inanclara qapalı bir həbs həyatı yaşayır. Belə bir insan üçün dünya müəyyən, sonlu, aşkar olmağa meyllidir; ümumi obyektlər onda heç bir sual doğurmaz və tanış olmayan mümkünlükləri o, nifrətlə rədd edər. Əksinə, filosofluq etməyə başlayan kimi biz, ilk fəsillərdə gördüyümüz kimi, ən gündəlik məsələlərin belə problemli olduğunu görürük ki, onlara da yalnız çox natamam həllər verə bilirik. Fəlsəfə yaratdığı şübhələrə doğru cavabın nə olduğunu dəqiqliklə deyə bilməsə də, bizə düşüncələrimizi genişləndirən və onları adət-ənənə zülmündən azad edən bir çox imkanlar təklif edə bilir. Beləliklə, şeylərin nə olduğuna dair əminlik hissimizi azaltmaqla yanaşı, fəlsəfə onların nə ola biləcəyinə dair biliklərimizi xeyli artırır; o, azad şübhələr dünyasına heç vaxt səyahət etməyənlərin bir qədər təkəbbürlü doqmatizmini aradan qaldırır və tanış şeyləri naməlum aspektdə göstərməklə heyrət hissimizi ayıq tutur.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə
Dördüncü hissə
Beşinci hissə
Altıncı hissə
Yeddindi hissə
Səkkizinci hissə
Doqquzuncu hissə
Onuncu hissə
On birinci hissə
On ikinci hissə
On üçüncü hissə
On dördüncü fəslin birinci hissəsi
On dördüncü fəslin ikinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.