fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Fəlsəfənin dəyəri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on beşinci fəslinin ikinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

15-ci fəsil Iİ hissə

Fərqində olmadığımız imkanları göstərməkdə faydalı olmağı ilə yanaşı, fəlsəfənin üzərində düşündüyü məsələlərin böyüklüyü və bu düşünmədən hasil olan dar və şəxsi məqsədlərdən azad olmaq kimi dəyəri – bəlkə də, əsas dəyəri – vardır. İnstinktiv insanın həyatı onun şəxsi maraqları dairəsinə qapanır: ailə və dostlar bura aid ola bilər, lakin xarici dünya nəzərə alınmır – instinktiv istəklər dairəsinə daxil olanlara kömək edə və ya mane ola biləcəyi istisna olmaqla. Belə bir həyatda nəsə bir narahatlıq və məhdudiyyət var, fəlsəfi həyat isə onunla müqayisədə sakit və azaddır. İnstinktiv maraqların fərdi dünyası gec-tez ona son qoyacaq böyük və güclü dünyanın ortasında qurulmuş kiçik bir dünyadır. Maraqlarımızı bütün xarici dünyanı əhatə edəcək qədər genişləndirə bilməyincə, mühasirəyə alınmış qalada qalan, düşmənin qaçmağa mane olduğunu və son təslimiyyətin qaçılmazlığını anlayan qarnizona bənzər olacağıq. Belə bir həyatda dinclik yox, güclü istəklərlə iradənin acizliyi arasında daimi çəkişmə var. Bu və ya digər şəkildə, əgər həyatımızın böyük və azad olmağını istəyiriksə, bu həbsxana və çəkişmədən qaçmalıyıq.

Bundan qaçmağın bir yolu fəlsəfi təfəkkürdür. Fəlsəfi təfəkkür özünün geniş əhatəsilə dünyanı ikiyə – dost və düşmən, faydalı və ziyanlı, yaxşı və pis cəbhələrə – bölmür; o, bütövü tərəfsiz olaraq nəzərdən keçirir. Xalis fəlsəfi təfəkkür dünyanın yerdə qalan hissəsinin insana bağlı olduğunu sübut etmək məqsədi daşımır. İstənilən bilik əldə edilməsi Mənin genişlənməsidir, lakin bu genişlənmə ən yaxşı birbaşa axtarılmadıqda əldə edilir. Bilik o zaman əldə edilir ki, bizi ona sövq edən yalnız öyrənmək arzusudur; bu zaman tədqiqat öz obyektlərinə əvvəlcədən bu və ya digər xüsusiyyətlər aid etmək istəyində olmur, əksinə Məni obyektdə aşkarladığı xüsusiyyətlərə uyğunlaşdırır. Əgər özlüyündə Məndən yola çıxaraq göstərməyə çalışsaq ki, dünya Mənə o qədər bənzərdir ki, onun dərki yad görünən heç bir şey qəbul etmədən mümkündür, onda Mənin genişlənməsini əldə edə bilmərik. Bunu sübut etmək arzusu özünütəsdiq formasıdır və bütün özünütəsdiqlər kimi bu, Mənin arzuladığı və bacaracağını bildiyi böyüməsinə maneədir. Digər sahələrdə olduğu kimi, fəlsəfi düşünmədə də özünütəsdiq dünyaya öz məqsədlərinə çatmaq üçün vasitə kimi baxır; beləliklə, o, dünyanın əhəmiyyətini Mənə münasibətdə kiçildir və onun fəzilətlərinin böyüklüyünün sərhədləri də Mən tərəfindən müəyyən olunur. Düşünmədə isə, əksinə, biz qeyri-Məndən başlayırıq və Mənin sərhədlərini onun böyükülüyü vasitəsilə genişləndiririk; kainatın sonsuzluğu vasitəsilə düşünən zehin sonsuzluqda müəyyən pay əldə edir.

Bu səbəbdən də kainatı İnsana assimilyasiya edən fəlsəfələrdə ruhun böyüklüyü aşılanmır. Bilik Mənlə qeyri-Mənin birlik formasıdır; bütün birliklər kimi o hökmranlıqla və bu səbəbə görə də kainatı özümüzdə tapdığımıza uyğunlaşdırmağa məcbur etmək cəhdilə pozulur. Fəlsəfdə bu baxışa geniş meyl var: İnsan hər şeyin ölçüsüdür; Həqiqəti insan yaradır;

Məkan və zaman, həmçinin universalilər dünyası zehnin xüsusiyyətləridir;

Zehin tərəfindən yaradılmayan bir şey varsa, bilinməzdir və bizim üçün heç bir izahı yoxdur. Əgər əvvəlki müzakirələrimiz düzdürsə, bu baxış doğru deyil; lakin doğru olmaması ilə yanaşı, ona yeganə dəyər verən fəlsəfi təfəkkürü də korlayır, çünki o, Mənin düşüncələrini dolaşığa salır. Onun bilik adlandırdığı qeyri-Mənlə birlik deyil, bizimlə xarici dünya arasında keçilməz pərdə yaradaran önyarğılar, vərdişlər və istəklər toplusudur. Belə bilik nəzəriyyəsindən zövq alan birisi sözünün qanun ola bilməyəcəyindən qorxaraq, heç vaxt öz məişət dairəsini tərk etməyən adama bənzəyir.

Əsl fəlsəfi düşünmə isə, əksinə, qeyri-Mənin, düşünülən obyektlərin və bununla düşünən subyektin hər genişlənməsilə qane olur. Düşünmədə şəxsi və ya privat olan, vərdiş, şəxsi maraq və ya istəkdən asılı hər şey obyekti təhrif edir və buna görə də intellektin axtardığı birliyi korlayır. Subyektlə obyekt arasında beləcə sədd çəkərək, bu cür şəxsi şeylər intellekt üçün bir həbsxanaya çevrilir. Azad intellekt buraindisiz, ümid və qorxularsız, adəti inamlar və ənənəvi önyağılarsız, sakit və ehtirassız, tək və müstəsna olaraq bilik – şəxssiz, düşünmədən hasil olan xalis, insan tərəfindən əldə edilməsi mümkün bilik – arzusu ilə, Allahın görə bildiyi kimi görəcək. Deməli, azad intellekt həmçinin duyğuların verdiyi, müstəsna və şəxsi baxış bucağı və hiss orqanları şeyləri aşkarladığı qədər təhrif edən bədəndən, belə biliyin olmalı olduğu qədərilə, asılı biliklərdən çox şəxsi hadisələrin aid edilmədiyi abstrakt və universal biliyi dəyərləndirəcək.

Fəlsəfi düşünmənin azadlığına və tərəfsizliyinə öyrənmiş zehin eyni azadlıq və tərəfsizliyi fəaliyyət və emosiyalar dünyasında da qoruyacaqdır. O, öz məqsəd və arzularına bütövün hissələri kimi nəzər salacaq, onlara dünyanın sonsuz kiçik fraqmentləri kimi baxacaq – o fraqmentlər ki, onların əhəmyyətli hissəsinə insan fəaliyyəti təsirsizdir; və bu, inadkarlığın yox olmasına səbəb olacaq. Düşünmədə həqiqətə yönəli xalis arzu olan tərəfsizlik fəaliyyətdə ədalət, emosiyada isə tək faydalı hesab etdiyin və ya bəyəndiyinə deyil, hamıya yönəlik universal sevgi olan zehin keyfiyyəti ilə eynidir. Beləliklə, düşünmək bizim tək düşüncə obyektlərimizi deyil, həmçinin fəaliyyət və affektlərimizin də obyektlərini genişləndirir: o, bizi dünya vətədaşına çevirir – digəriləri ilə hərb edən bir istehkamlı şəhərin vətəndaşına deyil. İnsanın əsl azadlığı dünya vətəndaşlığında, həmçinin dar ümidlər və qorxular əsirliyindən azad olmaqdadır.

Beləliklə, fəlsəfənin dəyəri haqqındakı müzakirəmizə yekun vuraq: bir qayda olaraq, heç bir dəqiq cavabın doğruluğu bilinə bilmədiyindən fəlsəfə suallara dəqiq cavablar almaq xatirinə deyil, sualların özü xatirinə öyrənilməlidir; çünki bu suallar bizim nəyin mümkün olması barədə konsepsiyamızı genişləndirir, intellektual təxəyyülümüzü zənginləşdirir və zehnimizi spekulyasiyalara qapadan doqmatik əminliyi azaldır. Lakin hər şeydən öncə, bu böyük kainat  üzərində fəlsəfə vasitəsilə düşündükcə zehin də böyüklük əldə edir və kainatla birlik halında ola bilir ki, bu da fəlsəfənin ən ali fəzilətidir.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə
Dördüncü hissə
Beşinci hissə
Altıncı hissə
Yeddindi hissə
Səkkizinci hissə
Doqquzuncu hissə
Onuncu hissə
On birinci hissə
On ikinci hissə
On üçüncü hissə
On dördüncü fəslin birinci hissəsi
On dördüncü fəslin ikinci hissəsi
15-ci fəslin birinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.